Ağsu rayonunun 42 mindən çox sakini müayinə olunmuşdur
Ağsu, 27 mart (AZƏRTAC). Prezident İlham Əliyevin ölkə əhalisinin hamılıqla pulsuz tibbi müayinədən keçirilməsi ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar Ağsu rayonunda da uğurla icra olunur. Belə ki, indiyədək rayon üzrə 75 min 85 nəfərdən 42 min 13 nəfəri müayinə olunmuş, 168 nəfər stasionar müalicəyə cəlb edilmiş, 67 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanalara göndərilmişdir.
Tibbi müayinələr mərkəzi rayon və Kalva kənd xəstəxanalarında, habelə 7 kənd həkim məntəqəsində aparılır. Qaraqoyunlu kənd həkim məntəqəsinin müdiri Faiq Umbayev AZƏRTAC-a bildirmişdir ki, ayrı-ayrı ixtisaslar üzrə təcrübəli həkimlərdən ibarət briqada mütəmadi olaraq məntəqədə və ya evlərdə sakinləri hərtərəfli yoxlamadan keçirir, ehtiyac olduqda müalicəyə cəlb edir. Qrafik üzrə Qaraqoyunlu və ətrafdakı 6 kəndin 3500 sakini burada tibbi müayinədən keçməlidir. Artıq onlardan 2500 nəfəri müayinə olunmuşdur.
Sakinlər aksiyanın təşkilindən olduqca razıdırlar. Qaraqoyunlu kənd həkim məntəqəsinə müayinə olunmağa gəlmiş Muradlı kənd sakini Sehrayə Hümbətova əhalinin sağlamlığının qorunmasına yönəlmiş kampaniyanın təşəbbüskarı Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək, bunu vətəndaşlara göstərilən diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirmişdir.