REGİONLAR
Ağsuda bağça uşaqlarına və məktəblilərə bayram hədiyyələri verilib
Ağsu, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də Ağsuda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Ağsu rayon komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təntənəli mərasim təşkil edib. Bayram süfrəsi arxasında təşkil olunan mərasimdə bağça uşaqlarından, ümumtəhsil məktəblərinin fəal şagirdlərindən, qabaqcıl müəllimlərdən, həmkarlar ittifaqı fəallarından ibarət 180 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edib, dünyanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlıların təşkilatlanmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin xidmətlərindən danışıb.
Rayon musiqiçilərinin rəngarəng konsert proqramı ilə davam edən şənlikdə bir-birini əvəz edən mahnı və rəqslər hər kəsdə yüksək bayram əhval-ruhiyyəsi yaradıb.
Mərasimdə balacalara və məktəblilərə bayram hədiyyələri verilib.