Ağsuda “Regional Azərbaycan Kuboku” layihəsinin rayon seçim turunun qalibləri müəyyənləşib
Ağsu, 22 oktyabr, AZƏRTAC
Ağsuda İsmayıllı İntellektual Oyunlar Klubunun təşəbbüsü, Ağsu Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin təşkilatçılığı ilə şəhid müəllim Famil Əhmədzadənin xatirəsinə həsr edilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Regional Azərbaycan kuboku” layihəsinin rayon seçim turu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsu rayon Mədəniyyət Sarayında təşkil olunan seçim turunda 13 təhsil müəssisəsindən 15 komanda bilik yarışına qatılıb. Əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İntellektual Oyunlar Klubunun sədri Azad Manafov bilik yarışının İsmayıllı 3 nömrəli məktəb liseyin tarix müəllimi Vətən müharibəsi şəhidi Famil Əhmədzadənin xatirəsinə həsr olunduğunu vurğulayaraq intellektual oyunun qaydaları barədə iştirakçılara məlumat verib, onlara uğurlar arzulayıb.
Gərgin mübarizə şəraitində keçən yarışmada Musabəyli kənd tam orta məktəbinin “Musabəyli” komandası final mərhələsinə vəsiqə qazanıb. İkinci və üçüncü yerləri isə Muradlı və Növcü kənd məktəblərinin komandaları tutublar.
Qeyd edək ki, layihənin əsas məqsədi şəhidlərimizin tanıdılması, məktəblilərdə vətənpərvərlik hissinin gücləndirilməsi, onlarda intellektual bilik səviyyəsinin yüksəldilməsidir.