Ağsuda və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində fevralın 1-də Kollegiyanın təşəbbüsü ilə Ağsu və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.
“Mirzəyev və partnyorları” vəkil bürosunun üzvləri tərəfindən Ağsu Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində 60-dan çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri dinlənilib. Tədbirdə vətəndaşlara müvafiq məsləhətlər verilib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da təşkil olunacaq.