MƏDƏNİYYƏT
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində qocalar ilə görüş keçirilib
Bakı, 13 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Dədə Ələsgər Ocağı İctimai Birliyi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə qocalar ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinin direktoru Samirə Mehdiyeva dövlətimizin göstərdiyi qayğı nəticəsində ahıllar evinin əsaslı şəkildə təmir olunmasından, eləcə də burada yaşayan ahıllar üçün hər cür şəraitin qurulduğundan danışıb: “Hər bir otaq lazımi məişət avadanlıqları ilə təmin olunub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 200-dək ahıla sosial xidmət göstərilir”.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun böyük humanizm nümunəsi olan nəcib layihələri sosial xidmət müəssisəsini də əhatə edir: “Burada sakinlərin sağlamlığının qorunması üçün müvafiq işlər aparılır, tez-tez humanitar məqsədli tədbirlər həyata keçirilir. Koronavirus (COVID-19) təhlükəsinin yarandığı ilk günlərdən etibarən müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Heydər Əliyev Fondu tərəfindən xüsusi dəstək göstərilir. Fond tərəfindən bu müəssisəyə də dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələr verilib”, - deyə S.Mehdiyeva bildirib.
Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxışından sonra hədiyyə olaraq Dədə Ələsgərin portretini təqdim edib.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı bildirib ki, “Ahıllar evi”ni ziyarət etmək hər bir kəsin mənəvi borcudur: “Onlar bizim keçmişimizi özlərində yaşadıb, gələcəyimizə ötürən dəyərlilərimizdir”.
Tədbirin bədii hissəsində saz havaları ilə aşıqlar, həmçinin müğənni və qiraətçilər çıxışlar edərək tədbir iştirakçıları üçün yadda qalan bir gün yaşadıblar.
Qeyd edək ki, sonda aşıq Kəmalə Məhyəddinqızına “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin ən ali mükafatı olan “Aşıq Ələsgər 200” yubiley medalı təqdim edilib.