AİBNDX-nin nümayəndələri Salyanda sahibkarlarla görüşüb
Bakı, 16 may, AZƏRTAXC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində regionlarda fəaliyyət göstərən sahibkarlarla görüşləri davam etdirir.
AZƏRTAC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, növbəti görüş Salyan şəhərində, Dövlət Xidmətinin 5 saylı regional bölməsinin xidmət dairəsinə daxil olan bölgələrdə (Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, Salyan, Neftçala) fəaliyyət göstərən biznes subyektləri üçün təşkil olunub.
Görüşdə Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov, Salyan Rayon İcra Başçısının müavini Təranə İsmayılova açılış nitqi ilə çıxış ediblər. Daha sonra isə AİBNDX-nın İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı təqdimatla çıxış edib.
Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən söz açılıb, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasının vacibliyi vurğulanıb. İstehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələbləri, bu sahədə nəzərdə tutulmuş məsuliyyət tədbirləri diqqətə çatdırılıb, mal və xidmətlər əldə edilməsinə dair müəyyənləşdirilmiş qaydalar, zəmanət öhdəlikləri barədə məlumat verilib.
Daha sonra Dövlət Xidməti tərəfindən nəzarət tədbirlərinin səmərəliliyinin artırılması üzrə görülən işlər və hədəflər, o cümlədən gözləntilər diqqətə çatdırılıb. İstehlakçı hüquqlarının təmin edilməsində sahibkarların rolunun artırılmasının vacibliyi vurğulanıb, onlara qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı tövsiyələr verilib.