“Ailəm və məktəbim” layihəsi yeni tədris ilində
Bakı, 25 sentyabr, AZƏRTAC
2026-2027-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ailəm və məktəbim” layihəsi çərçivəsində müxtəlif tədbirlər təşkil olunacaq.
İdarədən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi valideynlərin maarifləndirilməsi, onların məktəb həyatında iştirakının genişləndirilməsi və övladlarının təhsil-tərbiyə prosesinə daha fəal cəlb olunmasına şərait yaradılmasıdır.
Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə təlim və seminarların, “Hər şey övladımız üçün” devizi altında maarifləndirici və qarşılıqlı ünsiyyətə əsaslanan görüşlərin keçirilməsi nəzərdə tutulur.
Həmçinin valideynlərin təhsil müəssisələri ilə yaxından tanış olması, məktəblərin tədris resursları və həyata keçirdiyi layihələr barədə məlumatlandırılması, infrastruktur və tədris prosesinin təşkilinin təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərinin öyrənilməsi məqsədilə “Valideynin məktəbdə bir günü” layihəsi davam etdiriləcək.
Layihə çərçivəsində müxtəlif peşə sahələrində çalışan valideynlərin həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüşləri təşkil ediləcək. Görüşlərdə valideynlərin peşə təcrübəsi və həyat yolu barədə məlumatlar paylaşılacaq.
Bununla yanaşı, şagirdlərin valideynlərinə təşəkkürünü ifadə etməsi məqsədilə “Ailəmə minnətdaram” mövzusunda təşəkkür videosu və ya məktub hazırlanacaq.
Valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüşlər, “Keçmişdən gələcəyə ailə dəyərləri” mövzusunda panel müzakirələri və birgə fəaliyyətlər təşkil olunacaq.
Ümumi təhsil müəssisələrində keçirilən tədbirlərdə fərqlənən valideynlərin təltif olunması da nəzərdə tutulur.
“Ailəm və məktəbim” layihəsinin keçirilməsində əsas məqsəd cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın təşviq edilməsidir.