AKADEMİK HƏSƏN ABDULLAYEVİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək alimin məzarını ziyarət etdilər.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfransı açaraq görkəmli fizik Həsən Abdullayevin geniş elmi fəaliyyətindən ətraflı söhbət açdı, onun uzun illər Azərbaycan Elmlər Akademiyasının prezidenti olduğunu və bu elm mərkəzinin maddi-texniki bazasını möhkəmləndirdiyini, bacarıqlı elmi kadrların hazırlanmasında müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırdı.
Sonra Fizika İnstitutunun yubilyara həsr etdiyi film göstərildi.
Konfransda Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Nobel mükafatı laureatı, akademik Jores Alfyorov məruzə ilə çıxış edərək, 50 il əvvəl tanış olduğu Həsən Abdullayevin yüksək tədqiqatçılıq məharətindən, insani keyfiyyətlərindən, elmi uğurlarından, fizika elminin inkişafına verdiyi dəyərli töhfələrdən bəhs etdi.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dağıstan Elm Mərkəzinin sədri İbrahim Xankamilov akademik Həsən Abdullayevin elmi irsi və ictimai fəaliyyətindən danışdı.
Konfransda akademik Jores Alfyorovun fəaliyyətindən bəhs edən filmə də baxış oldu.
Sonra tanınmış Azərbaycan alimlərinin çıxışları dinlənildi.