ELM VƏ TƏHSİL
Akademik: Koronavirusla nümunəvi mübarizə dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsidir
Bakı, 27 aprel, AZƏRTAC
Dünyanın qabaqcıl ölkələrinin koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda ölkəmizdə ona qarşı aparılan nümunəvi mübarizə Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Yaranmış vəziyyət vaxtında və düzgün qiymətləndirildi, mühüm addımlar atıldı, lazımi tədbirlər görüldü.
Bu fikri AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) direktoru, akademik Vaqif Fərzəliyev AZƏRTAC-a müsahibəsində deyib.
“Prezident çıxışlarında həmişə qeyd edir ki, ölkəmiz sosial dövlətdir. Atılan hər bir addım dayanıqlı iqtisadi inkişafın tənzimlənməsi ilə yanaşı, xalqımızın sağlamlığının qorunması, onların sosial-maddi rifahının yaxşılaşdırılması məqsədi daşıyır. Pandemiya dövründə atılan təxirəsalınmaz tədbirlərlə bu, bir daha öz təsdiqini tapdı”.
Vaqif Fərzəliyev bildirib ki, dövlət başçısının rəhbərliyi ilə respublikamızda bütün sahələri əhatə edən qabaqlayıcı tədbirlər yoluxma və ölüm hallarının çox az olmasına imkan verdi.
“Ölkədə tətbiq olunan karantin rejiminin müsbət nəticəsini görməmək mümkün deyil. Ona görə biz alimdən, müəllimdən sıravi vətəndaşa qədər hamılıqla həmrəyliyimizi davam etdirərək, sağlam qalmağımız üçün Prezidentin atdığı hər bir addımı bundan sonra da dəstəkləyəcəyik”, - deyə akademik vurğulayıb.
Xatırladaq ki, AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və mübarizə aparılması üçün həmrəylik, birlik və məsuliyyət göstərmək məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilk günlərdə dəstək verən alimlərdən biri olub. O biraylıq əməkhaqqının 50 faizini fonda köçürüb.