Akademik: Məqsədimiz türk dillərində ortaq terminlər üçün elmi bazanın hazırlanmasıdır
Bakı, 13 may, AZƏRTAC
“Türk dillərinin ekologiya terminləri” lüğəti, əslində, Beynəlxalq Türk Akademiyasının 2023-cü ildən həyata keçirdiyi daha böyük bir layihənin tərkib hissəsidir. Layihənin adı “Türk dillərinin terminoloji lüğətləri” adlanır. Bu çərçivədə elmin bütün sahələri üzrə terminoloji lüğətlərin hazırlanmasını nəzərdə tutmuşuq. Bu günə qədər yeddi sahədə belə terminoloji lüğətlər hazırlanıb və nəşr edilib. Təqdimatı edilən “Türk dillərinin ekologiya terminləri” lüğəti bu çərçivədə ərsəyə gətirilən nəşrlərdən biridir.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev deyib.
“Bu, Beynəlxalq Türk Akademiyasının ən böyük və davam edən layihələrindən biridir. Bir sıra sahələrdə də yeni terminoloji lüğətlər hazırlanır: aqrar kənd təsərrüfatı terminlər lüğəti, iqtisadi terminlər lüğəti, mədəniyyət terminlər lüğəti və s. Təbii ki, bütün sahələri əhatə etmək çətin məsələdir, lakin bacardığımız qədər bu işləri davam etdirəcəyik. Onu da qeyd edim ki, hazırlanan lüğətlər doqquz türk dilini, eyni zamanda, ingilis və rus dillərini, bir sözlə, 11 dili əhatə edən bir lüğətdir. Əsas məqsəd ondan ibarətdir ki, gələcəkdə türk dillərində bu terminlərin ümumiləşdirilməsi, ortaq terminlərin yaradılması üçün elmi baza hazırlansın”, - deyə Ş.Mustafayev qeyd edib.
Müxbir – Göyçək Mahmudlu