Akademik Teymur Kərimli: Nizami kimi dahilərin əsərlərinə bəşəriyyət həmişə ehtiyac duyacaq
Bakı, 25 sentyabr, AZƏRTAC
İKT əsrində, süni intellekt dövründə Nizami Gəncəvinin əsərlərini təbliğ etmək xüsusi önəm daşıyır. Çünki Nizaminin bütün əsərlərində pislədiyi zülm, ədalətsizlik, işğalçılıq müharibələri dünyada bu gün də aktualdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli söyləyib.
“Nizaminin təkcə Azərbaycanda deyil, bütün dünyada məşhur olması və əsərlərinə ehtiyac duyulması göstərir ki, informasiya-kommunikasiya texnologiyaları və süni intellekt nə qədər inkişaf etsə də, Nizami kimi dahilərin əsərlərinə bəşəriyyət həmişə ehtiyac duyacaq. 800-900 il bundan əvvəl pislədiyi hadisələr bu gün də aktualdır. Bu gün də bəşəriyyətin böyük dahiləri, böyük humanistləri çalışırlar ki, bu hadisələrin qarşısını almaq üçün tədbir görsünlər. Amma onların fikirləri zalımlara, işğalçılara, başqa şər qüvvələrin nümayəndələrinə nə qədər təsir edir? Demək olar ki, təsir etmir. Təsir etsəydi, bu gün dünyada nahaq qanlar axmazdı, müharibə alovları şiddətlənməzdi”, - deyə akademik bildirib. O qeyd edib ki, Nizaminin əsərləri təkcə Azərbaycan gəncləri arasında deyil, dünya ölkələrinin gəncləri arasında da geniş təbliğ olunmalı, daha çox dillərə tərcümə edilməlidir. Nizaminin əsərləri dünyada nə qədər geniş yayılsa, bir o qədər insana hörmət edənlər daha çox artar və bu qədər nahaq qanlar axmaz, bu qədər göz yaşları axmaz, bu qədər qətl-qırğınlar törədilməz.
“Müstəqil dövlətimizin Nizamiyə və başqa klassiklərimizə verdiyi böyük önəm, onların əsərlərinin, yaradıcılığının bütün dünyada təbliğ edilməsi, Nizami Gəncəvi mərkəzlərinin Azərbaycanda, Oksfordda və dünyanın başqa yerlərində fəaliyyət göstərməsi onu təsdiqləyir ki, Azərbaycan dövlətinin mədəniyyət siyasəti bu gün bəşəriyyətin xoşbəxtliyinə xidmət edir.
Bu gün bəşəriyyəti zülmə, müharibələrə, göz yaşına və qanlara sürükləmək istəyənlərə qarşı bizim mədəni siyasətimiz var. Biz onunla fəxr edirik və onun inkişafı, daha da geniş yayılması üçün biz humanitar alimlər daha çox fəaliyyət göstərməliyik.
Nizami, Xaqani, Nəsimi, Füzuli kimi böyük şəxsiyyətlərimizin dünyada tanınması, onların əsərlərinin dünya klassikasında öz layiqli yerini tutması üçün əlimizdən gələn işləri görməliyik, – deyə akademik Teymur Kərimli vurğulayıb.
Müxbir - Tünzalə Arazlı