Akademik: Uşaqların virtual məkanda təhlükəsizliyi qlobal problemə çevrilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Uşaqların virtual məkanda təhlükəsizliyinin təmin olunması artıq bütün dünyada qlobal problemə çevrilib. Bəzi bədniyyətli təşkilatlar, kompüter oyunları uşaqlar və yeniyetmələr üçün müəyyən risklər yaradır. Bu kimi proseslərin tənzimlənməsi üçün qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi ilə yanaşı, valideynlər, təhsil müəssisələri, cəmiyyət, eləcə də aidiyyəti qurumların birgə fəaliyyəti zəruridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev deyib. Alim uşaqların sosial mediadan istifadəsi, yaş məhdudiyyətləri və virtual məkanda onların hüquq və mənafelərinin qorunması məsələlərinə münasibət bildirib. O, müasir texnologiyalardan, internetdən nəzarətsiz istifadənin yuxu və sağlamlıq problemlərinə, sosial və ailə münasibətlərindən uzaqlaşma, təhsildən yayınma və müxtəlif asılılıqların yaranmasına səbəb olduğunu qeyd edib.
Akademik sosial mediada müəyyən məhdudiyyətlərin tətbiqinin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövrümüzün reallığı ondan ibarətdir ki, rəqəmsal texnologiyalar, mobil telefonlar və kompüterlər hər bir insanın həyatının mühüm elementinə çevrilib. Bu gün rəqəmsal texnologiyalardan kənar həyat təsəvvür etmək çətindir. Ona görə də kompüterlərin imkanlarından, rəqəmsallaşma proseslərindən və internet resurslarından səmərəli istifadə müsbət haldır.
“Təəssüf ki, kompüter və internetdən ifrat istifadə cəmiyyət üçün ciddi problemlər yaradır. Bu, təkcə Azərbaycanı deyil, bütün dünyanı əhatə edən qlobal problemdir. Məsələ artıq fərdi xarakterdən çıxaraq sosial miqyas alıb və həm Azərbaycanda, həm də inkişaf etmiş ölkələrdə ciddi narahatlıq doğurur. Məhz buna görə də rəqəmsal mühitdə bu proseslərin idarə olunması, müəyyən məhdudiyyətlərin tətbiqi və müvafiq qanunvericilik mexanizmlərinə uyğun tənzimlənməsi zəruridir. Bu istiqamətdə valideynləri, uşaqları, məktəbləri və ümumilikdə ictimaiyyəti rəqəmsal təhlükəsizlik məsələləri barədə məlumatlandıracaq milli onlayn məlumatlandırma mərkəzinin yaradılması da mühüm addım ola bilər”, – deyə alim bildirib.