Akademik Zərifə xanım Əliyevanın xatirəsi onun adını daşıyan məktəb-liseydə yad olunub
Bərdə, 29 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə şəhərindəki akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə görkəmli oftalmoloq-alimin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə keçirdiyi tədbirin iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın məktəb-liseydəki abidəsi önünə gül-çiçək qoyaraq, görkəmli oftalmoloq alimin xatirəsini yad ediblər.
Sonra görkəmli alimin anadan olmasının 95-ci ildönümü münasibətilə “Şən startlar” idman yarışı keçirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya məruzə ilə çıxış edərək görkəmli akademikin zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb. Bildirib ki, Zərifə xanım Əliyeva azərbaycanlı ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz simalardandır.
Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, rayon mərkəzi xəstəxanasının baş həkimi Rəna Mustafayeva, akademik Zərifə Əliyeva adına məktəb-liseyin direktoru Vidadi Süleymanov çıxış edərək görkəmli alimin keçdiyi mənalı həyat yolundan, fəaliyyətindən, oftalmologiya elminin inkişafındakı xidmətlərindən bəhs ediblər.
Çıxışlarda akademik Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi xüsusi vurğulanıb.
Tədbirdə məktəblilərin iştirakı ilə musiqili kompozisiya nümayiş olunub.