CƏMİYYƏT
“Akkord” korporasiyası ikinci dəfə korporativ istiqrazlar buraxmışdır
Bakı, 14 noyabr (AZƏRTAC). “Akkord” korporasiyası korporativ istiqrazların ikinci dəfə emissiyasını həyata keçirmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, istiqrazların buraxılışı 2013-cü ilin noyabrın 4-də AZ2002008210 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
Emissiya edilmiş hər bir istiqrazın nominal dəyəri 1000 (bir min) manat, buraxılmış bütün istiqrazların məcmu nominal dəyəri 50 milyon manat, gəlirlik dərəcəsi isə 11,75 faizdir.
Cəmi 50 min ədəd korporativ istiqraz buraxılmışdır. Yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçiriləcək istiqrazların dövriyyə müddəti 3 ildir.
“Akkord” korporasiyasının buraxdığı istiqrazların satışının təşkil edilməsi məqsədilə Market Meyker qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC çıxış edir.
“Akkord” korporasiyası 2010-cu ildə ilk dəfə emissiya etdiyi məcmu nominal dəyəri 50 milyon manat tolan istiqrazların dəyərini 2013-cü ilin noyabrın 7-də tam ödəmişdir.