Aksiya zamanı Şəkidə 4500 müəllimin tibbi müayinədən keçməsi gözlənilir
Şəki, 18 fevral (AZƏRTAC). Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilən uğurlu daxili və xarici siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir. Bu siyasətin, həyata keçirilən sosial-iqtisadi layihələrin ən yüksək zirvəsində insan amili, əhalinin sosial həyatının yaxşılaşdırılması durur.
Son vaxtlar insanların həyatında çox böyük dəyişikliklər baş vermişdir. Onların məşğulluğunun təmin olunması üçün yüz minlərlə yeni iş yeri açılmışdır. Ancaq açığını demək lazımdır ki, iş şəraitimiz nə qədər yaxşılaşsa da, insanlarda özünə qarşı biganəlik də get-gedə artır. Ən son anda həkimə müraciət etmək artıq bizdə vərdişə çevrilmişdir. Belə bir məqamda Prezident İlham Əliyevin insanların sağlamlığı ilə bağlı çağırış etməsi, təşəbbüs irəli sürməsi, müvafiq qurumlara tapşırıqlar verməsi dövlətimizin başçısının Azərbaycan vətəndaşına diqqət və qayğısının ən parlaq təzahürüdür.
Bu sözləri tibbi müayinədən keçmək üçün konsultativ poliklinika şöbəsinə gələn Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova AZƏRTAC-a müsahibəsində demişdir.
Şöbə müdirinin bildirdiyinə görə, aksiya çərçivəsində 4500 nəfərə yaxın müəllimin və 1500-dək texniki işçinin müayinədən keçməsi nəzərdə tutulmuşdur. Bütün kollektivlər əvvəlcədən tərtib olunmuş qrafik üzrə müayinədən keçəcəklər. Müəllimlər sağlam və gümrah olmalıdırlar ki, dərsləri yüksək səviyyədə tədris edə bilsinlər.
S.İsmayılova bu qayğıya görə Şəkinin çoxminli təhsil işçiləri adından dövlətimizin başçısına minnətdarlıq etmişdir.