AKTA-nın kiberklub komandaları beynəlxalq hakatonda uğurla iştirak edib
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşəbbüsü ilə universitetlərdə yaradılan kiberklub üzvlərindən ibarət komandalar Avropa Şərq Tərəfdaşlığı çərçivəsində Moldovada təşkil olunan “2026 EaP Civic Tech Hackathon”da uğurlu nəticələr əldə edərək final mərhələsinə yüksəlib.
AKTA-dan AZƏRTAC-a verilən məlumata görə, hakatonda Azərbaycanı Bakı Biznes Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və ADA Universiteti təmsil edib.
Yarışda ölkəmiz iki komanda ilə təmsil olunub. Bakı Biznes Universitetinin “Artiproof” komandası seçim mərhələlərini uğurla keçərək aprelin 17–19-da Kişineu şəhərində keçirilən mərhələdə yüksək nəticə göstərib və final mərhələsinə vəsiqə qazanıb.
UNEC və ADA Universitetlərinin tələbələrindən ibarət birgə komanda da hakatonda uğurlu çıxış nümayiş etdirib.
Qeyd edək ki, “2026 EaP Civic Tech Hackathon”un yekun nəticələrinin 2026-cı ilin iyununda elan edilməsi planlaşdırılır.