Albaniya Elmlər Akademiyasının nümayəndə heyəti Ədəbiyyat İnstitutunda olub
Bakı, 22 iyun, AZƏRTAC
Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Gjinushinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli elmi müəssisənin fəaliyyət istiqamətləri, Azərbaycan ədəbiyyatının fundamental tədqiqi və dünya ədəbi əlaqələrinin araşdırılması və humanitar elmlərin inkişafına verdiyi töhfələr barədə qonaqlara məlumat verib.
Sonra nümayəndə heyəti institutun Çin Tədqiqatları Mərkəzi ilə yaxından tanış olub. İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov mərkəzin fəaliyyəti haqqında məlumat verərək Azərbaycan və Çin ədəbiyyatlarının qarşılıqlı təsiri, ortaq tarixi-mədəni əlaqələrin araşdırılması, eləcə də Çin Xalq Respublikasının müxtəlif elm və təhsil müəssisələri ilə qurulan əməkdaşlıq münasibətlərindən danışıb.
Qonaqlar institutda fəaliyyət göstərən Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzində də olublar. Mərkəzin müdiri filologiya elmləri doktoru Eşqanə Babayeva türk ədəbiyyatının tanıdılması, ortaq ədəbi-mədəni irsin öyrənilməsi və Azərbaycan-Türkiyə elmi əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edib.
Görüş zamanı humanitar elmlər sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri, ortaq elmi layihələr və akademik əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.