SİYASƏT
ALİ MƏHKƏMƏNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Aprelin 15-17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri Südabə Həsənovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisi şəhərində Avropa Şurasının üzvü olan ölkələrin ali məhkəmələri sədrlərinin 7-ci görüşündə iştirak etmişdir. Qanunun aliliyinin möhkəmləndirilməsi üzrə əməkdaşlıq Proqramı çərçivəsində Avropa Şurası tərəfindən təşkil edilən bu görüş “Kassasiya: əhatə dairəsi, səciyyəsi və müraciət axınının nizamlanması” mövzusuna həsr olunmuşdu.
Açılış mərasimində iştirak edən Gürcüstan Prezidenti Eduard Şevardnadze çıxışında indiki vaxtda belə mötəbər forumun məhz Gürcüstanda keçirilməsinin böyük siyasi əhəmiyyəti olduğunu bildirmiş, yuxarı məhkəmələrin qanunun aliliyinin gözlənilməsində və ədalət mühakiməsinin həyata keçirilməsindəki mühüm rolunu vurğulamışdır.
Sonra Avropa Şurası Baş katibinin müavini Hans Kristian Krüger giriş sözü söyləmişdir.
Görüşün məqsədi ədalət mühakiməsinin kassasiya instansiyası mərhələsində meydana çıxan aktual problemlərin həlli yollarını aramaq, ali məhkəmələrin üzərinə düşən funksiyaların yerinə yetirilməsi qaydalarının nizamlanması və digər məsələləri təhlil etmək idi.
Görüşdə kassasiyanın prosedurları və vasitələri, kassasiya müraciətlərinin həll edilməsi, iş metodları, insan hüquqlarına dair Avropa konvensiyasının tələbləri, işlərin məhkəməyə qəbul edilməsi, baxılması və ictimaiyyət tərəfindən öyrənilməsinə dair mövzular üzrə çıxışlar olmuş, geniş diskussiya aparılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri S.Həsənova da müzakirələrdə çıxış edərək, 2000-ci ildə ölkəmizdə demokratik meyarlara söykənən məhkəmə islahatının keçirilməsindən danışmış, müzakirə olunan məsələlərə öz münasibətini bildirimişdir.
Görüş iştirakçıları yekun sənədi qəbul etmişlər.