ALİ MƏKTƏBLƏRİN MAGİSTRATURASINA BOŞ QALAN PLAN YERLƏRİNƏ ƏRİZƏ QƏBULU BAŞA ÇATMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, ali məktəblərin magistratura pilləsi üzrə boş qalan plan yerlərinə ərizələrin qəbulu avqustun 3-dən 7-dək internet vasitəsilə aparılmışdır.
İxtisas seçiminə TQDK tərəfindən 2008-ci il iyunun 22-də test üsulu ilə keçirilmiş imtahanda iştirak etmiş və ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılmışlar. Seçim zamanı bakalavrın ixtisası üzrə topladığı balın 10-dan, məntiq üzrə 17-dən, xarici dil fənni üzrə 7-dən az olmaması əsas götürüləcəkdir. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün bakalavrın həmin xarici dildən topladığı bal 16-dan az olmamalıdır.
Hər bir bakalavr ərizəsində 10-dək ixtisas kodunu göstərmək imkanına malik olmuşdur.
Magistratura pilləsi üzrə boş qalan plan yerlərinin ümumi sayı 1238-dir. Onlardan 804-ü Azərbaycan bölməsi, 84-ü rus bölməsi, 350 yer isə birgə müsabiqə üzrədir.
Boş qalan plan yerlərinə 404 bakalavr internet vasitəsilə “Bakalavrın elektron ərizəsi” formasını doldurmuş, onlardan 361 nəfəri ərizəsini təsdiq etmişdir.
Müsabiqənin nəticələri avqustun 9-da TQDK-nın internet saytında yerləşdiriləcəkdir.
Magistraturaya əlavə yerləşdirmədə qəbul edilənlər təyin olunacaq müddətdə sənədlərini təhsil müəssisəsinə verməli və qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.