“ALİ TƏHSİLDƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜSULLARI”MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, konfrans ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə ATƏT-in və Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA CEELİ) təşkilatının birgə əməkdaşlığı şəraitində keçirilmişdir.
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirmişdir ki, nazirlik öz işini “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”na, Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın müvafiq qərar və sərəncamlarına uyğun şəkildə qurmağa çalışmış və bu istiqamətdə bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.
Nazir vurğulamışdır ki, korrupsiyaya qarşı mübarizə üzrə müvafiq qərarların icrasını təmin etmək məqsədilə nazirlikdə xüsusi işçi qrup yaradılmış və hər il üçün tədbirlər planı təsdiq edilmışdır. Plana müvafiq olaraq bütün təhsili idarəetmə orqanları və struktur bölmələr hər iki aydan bir görülmüş işlər barədə müvafiq hesabatları nazirliyə təqdim edirlər. Təhsil Nazirliyi isə hər 6 aydan bir Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya həyata keçirdiyi tədbirlər barədə hesabat verir.
Nazirliyin internet saytındakı “Qaynar xətt”ə 500-dək məktub və müraciətin daxil olduğunu diqqətə çatdıran M.Mərdanov vurğulamışdır ki, hər bir faktla əlaqədar ciddi araşdırmalar aparılmış və cavablar şikayətçilərə çatdırılmışdır. Nazir bu sahə ilə bağlı görülən digər məsələlərdən də danışmışdır.
Konfransda ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi, ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders və ABA CEELİ-nin ölkə üzrə direktoru Frenk Hespe çıxış etmişlər.