Ali təhsilin yaşıllaşdırılması: strategiyalar, çağırışlar və imkanlar
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “UI GreenMetric Sustainable University Rankings 2026” konfransı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunan panel müzakirəsində iştirak edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “Ali təhsilin yaşıllaşdırılması: dayanıqlı universitetlər üçün strategiyalar, çağırışlar və imkanlar” mövzusunda təşkil olunan paneldə BDU rektoru Elçin Babayevlə yanaşı, Əbu-Dabi Universitetinin rəhbəri Hassan Aouad, BINUS Universitetinin prorektoru Rini Setiovati və Şimali Novşera Universitetinin rektoru Taha Savar spiker qismində çıxış ediblər. Panelin moderatoru isə UNICAF Universitetinin dosenti Şarad Kumar olub.
Panel müzakirəsində ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi, kampusların ekoloji dayanıqlığının gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə, davamlı şəhər və icmaların inkişafında universitetlərin rolu, eləcə də beynəlxalq tərəfdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Müzakirə Dayanıqlı İnkişaf Məqsədlərinin “Keyfiyyətli təhsil” (4), “Dayanıqlı şəhərlər və icmalar” (11), “İqlim fəaliyyətləri” (13) və “Dayanıqlı inkişaf naminə tərəfdaşlıq” (17) müddəaları ilə əlaqələndirilib.
Tədbir çərçivəsində müxtəlif ölkələrin aparıcı universitetlərinin nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb, ali təhsildə yaşıl transformasiyanın gələcək perspektivləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Son illərdə dayanıqlı inkişaf və ekoloji məsuliyyət istiqamətində fəaliyyətini genişləndirən BDU tədris, tədqiqat, idarəetmə və kampus infrastrukturunda davamlılıq prinsiplərinin tətbiqinə xüsusi diqqət yetirir. Universitetin beynəlxalq dayanıqlılıq təşəbbüslərində və reytinqlərində iştirakı BDU-nun qlobal dayanıqlı inkişaf gündəliyinə inteqrasiyasının mühüm istiqamətlərindən birini təşkil edir.