Alimentin tutulması nə vaxtdan hesablanır? – Hakimdən açıqlama
Bakı, 14 may, AZƏRTAC
Nikahın pozulması zamanı aliment öhdəliyinin hansı tarixdən hesablanması məsələsi vətəndaşları maraqlandıran suallardandır. Bəs, bu məsələ qanunvericilikdə necə tənzimlənir?
AZƏRTAC xəbər verir ki, bu barədə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnar Cabbarova bildirib ki, ilk dəfə alimentin tutulması müəyyən olunduğu halda aliment məhkəməyə hansı tarixdə iddia əriəsi ilə müraciət edilibsə, həmin tarixdən hesablanır, tutulur. Məsələn, vətəndaş iddia ərizəsi ilə 2025-ci il fevralın 1-də müraciət edibsə, məhkəmə qətnaməsinin hansı tarixdən qəbul edilməsindən asılı olmayaraq, alimentin tutulması müraciət etdiyi tarixdən, yəni 2025-ci il fevralın 1-dən tutulacaq.
Hakim vurğulayıb ki, qanunvericiliyin tələbinə əsasən, alimentin tutulmasına dair qətnamələr dərhal icra olunur, mahiyyət etibarilə alimentin tutulması halı uşağın mənafeyinə xidmət etməklə, sosialyönümlü xarakter daşıdığından, həmin qətnamələrdən apellyasiya və kassasiya qaydasında şikayət verilməsi, onun icrasını dayandırmır, bu hal, yəni alimentin ödənilməsinin dayanmasına səbəb olmur. Hətta şikayət əsasında alimentin təyin olunması barədə məhkəmə qətnaməsi ləğv edilərək, iddia tələbi rədd olunarsa və ya alimentin məbləği azaldılarsa, bu hal artıq ödənilmiş aliment məbləği geri qaytarılmasına əsas vermir.
Bildirilib ki, alimenti ödəmək öhdəliyi daşıyan şəxs bu öhdəliyinin lazimi qaydada icra olunmamasına görə qanunla müəyyən edilmiş qaydada inzibati və ya cinayət məsuliyyəti daşıyır. Alimentin ödənilməsi mahiyyət etibarilə məhz birgə nikahdan olan uşaqların saxlanılmasının və maddi təminatının, uşaq hüquqlarının təmin edilməsinə yönəlib. Bu baxımından istənilən halda bu kateqoriyadan işlər üzrə mübahisələrin həlli zamanı uşaqların hüquqlarının və manefələrinin ən üstün müdafiəsi hər birimizin əsas amalı kimi çıxış edir.