CƏMİYYƏT
Alimlər müəyyən etmişlər ki, tünd şokolad ahılların fəallığını artırır
Bakı, 7 iyul (AZƏRTAC). İnsanlar məlum yaşa çatanda hərəkət edən zaman müəyyən çətinliklər hiss edirlər. Onların aktiv hərəkətdə olmasına ayaqlarında qan dövranının pozulması təsir göstərir.
AZƏRTAC Röyter agentliyinə istinadla xəbər verir ki, periferik arteriya xəstəliklərindən əziyyət çəkən insanlar tünd şokolad yeməlidirlər. Belə şokolad ayaqlarda qan dövranını yaxşılaşdırır, fiziki aktivliyi yüksəldir. Alimlər şokoladın effektini ahıl yaşlı 14 könüllü üzərində sınaqdan keçirmişlər. Onlar könüllülərə qaçış yolunda mümkün qədər çox gəzməyi təklif etmişlər. Birinci eksperimentdən sonra könüllülərin bir qisminə tünd, bir qisminə südlü şokolad vermişlər. İki saat sonra eksperimenti təkrar etmişlər.
Tədqiqatın nəticələri göstərmişdir ki, südlü şokolad bir o qədər də təsirli olmamışdır. Tünd şokolad yeyən könüllülərin aktivliyi 17 saniyə artıq olmuş və onlar bir metr çox məsafə qət etmişlər. Bundan əlavə, müəyyən edilmişdir ki, onların qanında dövranı yaxşılaşdıran qazın konsentrasiyası yüksək olmuşdur.
Tədqiqatlar göstərmişdir ki, şokoladın hazırlandığı kakao paxlaları maqneziumla zəngindir. Narahatlıq və depressiya hissindən məhz bu mikroelementin sayəsində qurtuluruq. Alimlər sübuta yetirmişlər ki, orqanizmdə endorfinlərin - xoşbəxtlik hormonunun əmələ gəlməsini tünd şokolad stimullaşdırır. Nəticədə insanın ovqatı yüksəlir.
Sapiyentsa Universitetinin əməkdaşı, doktor Lorenso Loffredo bildirmişdir ki, qara şokolad bəsləyici maddələrlə, o cümlədən polifenollarla zəngindir. Aterosklerozda düzgün qidalanma damarların vəziyyətini yaxşılaşdırır, polifenollar isə qanın axmasını normallaşdırır.
Bundan əlavə, antioksidantlarla - flavonoidlərlə zəngin qara şokolad ürək-damar xəstəliklərinin qarşısını alır. Flavonoidlər qırmızı şəraba nisbətən şokoladda daha çoxdur. Bu maddələr qan-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, ürək və beyin damarlarında trombların əmələ gəlməsinə mane olur.