ALİYƏ QARAYEVA FRANSADA BÜRÜNC MEDAL QAZANMIŞDIR
Azərbaycan gimnastı Aliyə Qarayeva Fransanın Tye şəhərində Qran-pri seriyasından keçirilən yarışlarda daha bir bürünc medal qazanmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, A.Qarayeva final yarışında gürzlə çıxışına görə üçüncü yerə layiq görülmüşdür. O, 17,534 bal toplayaraq, rusiyalı Olimpiya çempionu Alina Kabayeva və dünya çempionatının gümüş medalçısı, ukraynalı Anna Bessonovadan sonra üçüncü yeri tutmuşdur.
A.Qarayeva demişdir: “Qran-prinin Moskvada keçirilən birinci mərhələsində mən çoxnövçülükdə və iki ayrı-ayrı final yarışlarında üçüncü yeri tutmuşdum. Mövsüm uğurla başlanmışdır. Ümidvaram ki, ilin digər mühüm yarışlarında - Bakıda Avropa çempionatında və Yunanıstanda dünya birinciliyində də uğurumu davam etdirəcəyəm”.
Digər finallara gəldikdə isə, iplə hərəkətlərdə Aliyə 4-cü, lentlə 7-ci, halqa ilə hərəkətlərdə 9-cu yeri tutmuşdur.
Qarayeva çoxnövçülükdə ukraynalı Nataliya Qodunkonu, qazaxıstanlı Aliyə Yusupovanı və Bolqarıstan gimnastı Simona Peyçevanı geridə qoyaraq 5-ci olmuşdur. Qran-prinin ikinci mərhələsinin mütləq qalibi isə Avropa çempionu Vera Sesina olmuşdur. İkinci yerə Anna Bessonova, üçüncü yerə Alina Kabayeva, dördüncü yerə daha bir rusiyalı, dünya çempionu Olqa Kapranova çıxmışlar.
Ölkəmizin gimnastları martın 31-dən aprelin 1-dək Yunanıstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər. Balkan yarımadasına Dinara Gimatova və Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Anastasiya Prasolova, Alina Tryopina və Anastasiya Makarovadan ibarət qrup komandamız yola düşəcəkdir.
Aprelin 1-də Bakıda idman gimnastikası üzrə hakimlər üçün beynəlxalq kurslar başlanacaqdır. Dörd gün davam edəcək kurslarda praktik və nəzəri imtahanlar, hakimliyin texniki reqlamenti və qaydaları ilə tanışlıq nəzərdə tutulmuşdur. Kursları Beynəlxalq Gimnastika Federasiyasının kişilər arasında idman gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Adrian Stoika aparacaqdır. Kursları uğurla bitirənlər beynəlxalq kateqoriyalı breve hakimlik dərəcəsi alacaqlar.