Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə innovasiya sahəsi müzakirə edilib
Bakı, 7 noyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə ölkəmizin yüksəlişdə olan innovativ potensialı müzakirə edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru Tobias Bauman tədbiri giriş sözü ilə açıb. Rəqəmsal Transformasiya İşçi Qrupun sədri Orxan Quliyevin moderatorluğu ilə davam edən görüşdə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva təqdimatla çıxış edib.
İ.Vəliyeva ölkəmizdə innovasiya mədəniyyəti və təfəkkürünün inkişafı istiqamətində İRİA-nın gördüyü işlər barədə məlumat verib, təqdimat zamanı SWOT analizi vasitəsilə ekosistemin geniş mənzərəsinin ətraflı təhlilini nümayiş etdirib. Daha sonra o, tədbir iştirakçılarını sağlam innovasiya ekosistemi, flaqman layihələr, “Digital.hub Baku” və “Innovation Champions Leadership Development Program” konsepsiyası kimi strateji mövzular haqqında məlumatlandırıb.
Qeyd edək ki, tədbirə Alman-Azərbaycan Xarici Ticarət Palatasının fərqli sektorları təmsil edən üzv və partnyorları qatılıblar.