ALMANİYA AZƏRBAYCANA UZUNMÜDDƏTLİ GÜZƏŞTLİ SSUDA VERƏCƏKDİR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov demişdir ki, Saziş 2003-cü il iyulun 29-da Bakı şəhərində imzalanmışdır. Sənəd təsdiqi olunarsa, Almaniyanın bir sıra banklarından ssuda və qrantların alınmasına imkan yaranacaqdır. Saziş qüvvəyə mindikdən sonra Azərbaycanda “Açıq kommunal infrastruktur proqramının” növbəti mərhələsi üçün Almaniya 15 milyon 850 min avro məbləğində ssuda ayıracaqdır. Bu ssuda 7 faizlə 35 il müddətinə veriləcəkdir.
Bundan başqa, “Özəl sektorun dəstəklənməsi” layihəsinin həyata keçirilməsi və ona nəzarət edilməsi üçün zəruri müşayiətedici tədbirlərin müddətinin uzadılması məqsədi ilə 766 min 900 avro, “Tədqiqatlar və mütəxəssislər fondunun” yaradılması üçün isə 511 min avro məbləğində qrant ayıracaqdır.
Sonra Səttar Səfərov “Azərbaycan Respublikası ilə Rumıniya arasında tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası ilə Rumıniya arasında qəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergilərin aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası hökuməti ilə Rumıniya hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”, eləcə də Azərbaycan hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti və Azərbaycan Respublikasının hökuməti ilə Avsriya Respublikası hökuməti arasında imzalanmış Sazişlər barədə ətraflı məlumat verdi.
Müzakirələrdən sonra sənədlər təsdiq edildi.