ALMANİYA BUNDESTAQININ NÜMAYƏNDƏ HEYƏTİ SABİRABADDA VƏ İMİŞLİDƏ OLMUŞDUR
Məcburi köçkünlərdən Bilal Həsənov, Mətləb Quliyev, Dövlətqaçqınkomun Sabirabaddakı nümayəndəsi İlqar Tağıyev düşərgə sakinlərinin qayğı və problemlərindən, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin vacibliyindən danışmışlar. Razılıq hissi ilə bildirilmişdir ki, Almaniya höküməti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağ probleminin sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir.
“Şəhriyar” düşərgəsi 1994-cü ildə Almaniya hökumətinin yardımı ilə bu ölkənin mütəxəssisləri tərəfindən tikilmişdir. O vaxtdan yerli sakinlər düşərgəyə “Kiçik Hamburq” da deyirlər.
Nümayəndə heyəti düşərgədəki üç orta, bir musiqi məktəblərinin, habelə həkim məntəqəsinin işi ilə tanış olmuşlar.
Almaniyanın ölkəmizdəki səfiri Klaus Qrevlix qaçqın və məcburi köçkün həyatı yaşamağın nə demək olduğunu almanların da yaxşı bildiyini söyləmişdir. O, həkim məntəqəsinin dərman təchizatına kömək göstərəcəyinə söz vermişdir.
Füzuli rayonundan olan 80 yaşlı müəllim İsa Novruzovun nikbinliyi qonaqlara xoş təsir bağışlamışdır. Düşərgədə onun oğlu, qızı, gəlini ilə bərabər 20 nəvəsi yaşayır. Qonaqlar İsa müəllimin evinə baş çəkmiş, onun çay süfrəsi arxasında əyləşmiş, görüşdən xatirə olaraq İsa Novruzova və ailəsinə hədiyyələr bağışlamışlar.
Düşərgə sakinləri Azərbaycan Prezidenti Heydər Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini, onu yenidən dövlətimizin başçısı kürsüsündə görmək istədiklərini bildirmişlər.
X X X
Həmin gün almaniyalı qonaqlar İmişli rayonunda Azərbaycan–Almaniya Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli şəhərinin su təchizatının bərpası ilə bağlı həyata keçirdiyi layihənin icrası gedişi ilə də tanış olmuşlar. İcraçı təşkilatın rəhbəri, respublika Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri Şair Həsənov məlumat vermişdir ki, layihə çərçivəsində 15 milyard manatlıq iş görülmüşdür. Nəticədə İmişli şəhərində yaşayan əhaliyə gündə 1600 kubmetr, adambaşına isə 50 litr su verilməsinə şərait yaradılmışdır.
Almaniya hökumətinin maliyyə dəstəyi ilə İmişlinin su təchizatının daha da yaxşılaşdırılmasının mümkün variantları nəzərdən keçirilmişdir. Qonaqlar şəhər sakinləri ilə görüşmüş, su təchizatı proqramının icrasına onların münasibətini öyrənmiş, içməli su mənbəyində texnoloji intizama əməl olunması vəziyyəti ilə maraqlanmışlar .