Almaniya mətbuatı Azərbaycanın iqtisadi yeniliklərindən və biznes perspektivlərindən yazır
Berlin, 1 may, AZƏRTAC
Almaniyanın Kiçik və Orta Müəssisələr Federal Assosiasiyasının (BVMW) internet səhifəsində səfir Ramin Həsənovun “Azərbaycanda iqtisadi yeniliklər və biznes perspektivləri” başlıqlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizdəki iqtisadi mənzərə, COVID-19 pandemiyasının təsirlərinin neytrallaşdırılması məqsədilə həyata keçirilən iqtisadi tədbirlərimiz, sənaye və texnoparklarımız, Azərbaycanın transregional bağlantıların daha da gücləndirilməsində oynadığı rol barədə məlumat təqdim olunur. Bu xüsusda AZƏRTAC məqalənin əsas məqamlarını təqdim edir.
İqtisadi mənzərə. Qlobal enerji bazarındakı “turbulensiya”ya baxmayaraq, 2019-cu ildə Azərbaycan özünün iqtisadi artım dinamikasını saxlamağa nail olub. Xarici ticarətin daha da asanlaşdırılması, eləcə də biznes və sərmayə mühitinin təkmilləşdirilməsi məqsədilə iqtisadi islahatların intensivləşdirilməsi ölkənin inkişaf gündəliyində əsas prioritet olub. Bunun nəticəsində, 2019-cu ildə ölkədə müsbət iqtisadi fəaliyyət qeydə alınıb. “Doing Business 2020” hesabatında Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə sırasına daxil edib. Azərbaycan mülkiyyətin qeydiyyata alınması, kreditin alınması, azlıq təşkil edən investorların qorunması və müqavilələrin təminatı sahələrində biznesin aparılmasını asanlaşdırıb.
Azərbaycan iqtisadi şaxələndirməni sürətləndirir, informasiya-kommunikasiya texnologiyaları (İKT), nəqliyyat, kənd təsərrüfatı, inşaat, turizm və digər sahələrə diqqət yetirir. Qeyri-neft sektorundakı mövcud potensialın tam şəkildə reallaşdırılması məqsədilə, istehsalın və ixracın stimullaşdırılması, ixrac strukturunun təkmilləşdirilməsi, ixraca əsaslanan artımın gücləndirilməsi və “Made in Azerbaijan” brendinin təşviqi üçün bir sıra dəstək mexanizmləri həyata keçirilir.
Azərbaycanın strateji xarici valyuta ehtiyatları və aktivləri ölkənin uzunmüddətli iqtisadi siyasət məqsədlərinin uğurla həyata keçirilməsinə imkan verir. 01.04.2020-ci il tarixinə əsasən, Dövlət Neft Fondunun aktivləri 41 milyard ABŞ dollarından artıq olub. Eyni dövr üçün Mərkəzi Bankın xarici valyuta ehtiyatları 6 milyard ABŞ dollarından çox olub. Eyni zamanda, ölkənin strateji valyuta ehtiyatları təxminən 50 milyard ABŞ dollarına bərabərdir.
COVID-19: iqtisadi tədbirlər. COVID-19 pandemiyasının yayılmasının qarşının alınması və qoruyucu tədbirlərin həyata keçirilməsinin maliyyələşdirilməsinin təminatı məqsədilə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Koronavirusla Mübarizəyə Dəstək Fondunun resursları tibb tədqiqatlarının maliyyələşdirilməsi, tibbi heyətin bacarıqlarının artırılması, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi və digər məqsədlər üçün istifadə olunacaq. Eyni zamanda, koronavirusun mənfi təsirlərinin neytrallaşdırılması istiqamətində lazımi tədbirlərin maliyyələşdirilməsi məqsədilə ölkənin iqtisadiyyatının və sosial-iqtisadi inkişafının dəstəklənməsi üçün Azərbaycan 1,5 milyard ABŞ dollarından artıq vəsaiti səfərbər edib. Maliyyə dəstəyi COVID-19 epidemiyasının mənfi təsirlərinə məruz qalmış təxminən 300 min sahibkarı da əhatə edir.
Sənaye və texnoparklar. Azərbaycanda fəaliyyət göstərən sənaye və texnoparklar ölkənin qeyri-neft sektoruna xarici sərmayələrin artırılması, eləcə də ixrac potensialının və rəqabətqabiliyyətliliyin gücləndirilməsi məqsədi daşıyır. Eyni zamanda, sənaye və texnoparklar ölkənin istehsal qüvvəsini gücləndirəcək, qlobal dəyər “zəncir”lərinə səmərəli inteqrasiyanı təmin edəcək, sahibkarlığı və məşğulluğu, o cümlədən “Made in Azerbaijan” brendini və “Make in Azerbaijan” konsepsiyasını təşviq edəcək.
Azərbaycanda yaradılmış və sərmayə üçün regionda ən müvafiq məkan olan sənaye və texnoparklar çoxsaylı əlverişli biznes şərtləri təklif edirlər. Bu kontekstdə, sənaye və texnoparkların rezidentləri üçün 7 illik müddətə vergi və gömrük güzəştləri tətbiq olunur. Eyni zamanda, sənaye və texnoparklarda biznes prosedurları əhəmiyyətli dərəcədə sadələşdirilib, qeydiyyat prosesi “vahid pəncərə” prinsipi əsasında elektron şəkildə həyata keçirilir. Sənaye və texnoparklarda istehsal olunan məhsullar yerli və xarici bazarlara istiqamətlənib. Yuxarıda qeyd olunan stimullaşdırıcı tədbirlər sayəsində sənaye və texnoparkların rezidentlərinin sayı dinamik şəkildə artır.
Sumqayıt Kimya Sənaye Parkı kimya və neft-kimya sənayesinin təşviqi, eləcə də rəqabət qabiliyyətli məhsulların istehsal olunması məqsədilə təsis edilib. Balaxanı Eko-Sənaye Parkının məqsədi “yaşıl” istehsalın təşviqindən, tullantıların idarə olunmasının və emalının stimullaşdırılmasından ibarətdir. Qaradağ Sənaye Parkı xüsusən rəqabətqabiliyyətli gəmiqayırma və təmiri, eləcə də dəniz və “off-shore” mühəndisliyi fəaliyyətlərinin həyata keçirilməsi məqsədi daşıyır. Mingəçevir Sənaye Parkının hədəfi yüngül sənayenin, xüsusilə toxuculuğun inkişaf etdirilməsidir. Pirallahı Sənaye Parkının məqsədi əczaçılıq sənayesinin inkişafı, ölkənin xaricdən idxal olunan əczaçılıq məhsullarından asılılığının azaldılması və dərmanların yerli istehsalının artırılmasıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı elm-sənaye əməkdaşlığının təşviqi, innovasiya eko-sisteminin gücləndirilməsi, elmin kommersiyalaşdırılması əsasında bilik iqtisadiyyatının artırılması vasitəsilə innovasiyanın və tədqiqatların stimullaşdırılması məqsədilə yaradılıb.
Transregional bağlantı: nəqliyyat ölçüsü. Azərbaycanın Avrasiyaboyu strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı sərfəli imkanlar təklif etməklə ölkənin transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub”, “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Viking” Qatarı layihəsinin fəal iştirakçısıdır.
Bakı-Tbilisi-Qars (BTQ) region üçün strateji əhəmiyyətə malikdir, konteyner daşımaları, Avrasiyaboyu multimodal nəqliyyatın həcminin artırılması, Asiyadan Avropaya istiqamətlənmiş karqo axınları üçün rəqabətqabiliyyətli bağlantı təmin edir. Asiya və Avropa arasında ən qısa marşrutu təmin etməklə BTQ dəmir yolu bağlantısı gələcəkdə bir neçə milyon ton karqo daşınmasınının reallaşdırılması məqsədi daşıyır. Eyni zamanda, 2020-ci ilin 2-ci yarısından etibarən Bakı-Tbilisi-Ankara dəmir yolu bağlantısı vasitəsilə sərnişin daşımaları həyata keçiriləcək.
Regionun aparıcı ticarət və logistika qovşağı olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi müvafiq beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə malların daşınmasında mühüm yol oynayır, Asiya və Avropa arasında böyük tranzit karqo daşımalarını reallaşdırmaq potensialı ilə regiondaxili və regionlararası ticarətin genişləndirilməsinə xidmət edəcək.
Bakı Gəmiqayırma Zavodu Xəzər dəniz və “off-shore” sənayesi üçün gəmiqayırma və təmiri, o cümlədən konversiya və mühəndislik xidmətləri göstərən inteqrasiya olunmuş zavoddur. Son illər ərzində Bakı Gəmiqayırma Zavodu Xəzər dənizi regionunda aparıcı zavodlardan biri qismində özünü sübut edib.
Transregional bağlantının İKT ölçüsü. Azərbaycan, həmçinin xüsusən Transxəzər fiber optik kabeli layihəsinin perspektiv implementasiyası vasitəsilə mühüm regional İKT qovşağı qismində inkişaf edir. Sözügedən layihə genişzolaqlı bağlantının yaradılmasını dəstəkləyəcək, təhlükəsiz İKT infrastrukturunun inkişafını və Avrasiyaboyu elektron ticarəti təşviq edəcək. Adıçəkilən təşəbbüs Avrasiya ölkələrinə hədəflənməklə transmilli fiber optik magistralının təsis olunması məqsədi daşıyır. Layihə Avropa və Asiya arasında yüksək sürətli rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması məqsədilə Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirməklə Xəzər dənizinin dibindən keçən yeni tranzit marşrutunun formalaşdırılmasını nəzərdə tutur. Bu təşəbbüs rəqəmsal sahədə çoxsaylı biznes imkanları təklif edəcək. Layihə, həmçinin Azərbaycan və Asiyanı Avropadakı internet qovşaqları ilə birləşdirəcək, regionda rəqəmsal transformasiyanı gücləndirəcək.
Enerji ölçüsü. Enerji təhlükəsizliyini təmin edən bağlantı Azərbaycanın strateji gələcəyə baxışının təməl daşı olaraq qalır. Bu xüsusda, Şərq-Qərb enerji layihələri Azərbaycanın enerji siyasətinin tərkib komponentləridir. Azərbaycan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi enerji layihələrinin təşəbbüskarı olmaqla liderliyini nümayiş etdirib. Azərbaycan Cənubi Qafqaz regionunda və ondan kənarda enerji infrastrukturu layihələri üzrə əsas “aktor”lardan və investorlardan biri kimi uğurlu olub. Beynəlxalq enerji layihələrinin təşəbbüskarı olmaqla və onları həyata keçirməklə Azərbaycan etibarlı enerji təchizatçısı qismində özünü sübut edib, Asiya və Avropa arasında mühüm körpüyə çevrilib. Hazırda Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) təminatçısıdır. CQD yalnız Azərbaycanın enerji təhlükəsizliyinə xidmət etmir, eyni zamanda, regionun digər enerji istehsalçıları, istehlakçılar və tranzit ölkələri üçün bir sıra fayda və imkanlar təmin edir. Eyni zamanda, CQD layihəsi regionun qlobal iqtisadiyyata səmərəli inteqrasiyası üçün güclü “mühərrik” olacaq, enerji resurslarının Qərbə ixracı məqsədilə region ölkələri üçün böyük imkanlar yaradacaq. Layihənin tərkib elementləri olan Cənub Qafqaz Boru Kəməri və Trans-Anadolu Boru Kəməri artıq istifadəyə verilib. CQD-nin son komponenti Trans-Adriatik Boru Kəməri uğurla reallaşdırılır və nəzərdə tutulan işlərin təxminən 95 faizi tamamlanıb. Trans-Adriatik Boru Kəmərinin 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. CQD, “Transitgas” boru kəməri vasitəsilə Xəzər dənizinin təbii qazının İsveçrə üzərindən Almaniyaya çatdırılmasını mümkün edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin