ALMANİYA MƏTBUATI ERMƏNİSTANDA KEÇİRİLƏN PREZİDENT SEÇKİLƏRİ HAQQINDA
“Ermənistanda prezident seçkilərinin nəticələri Robert Koçaryanın lehinə saxtalaşdırıldığına görə, iki həftədən sonra seçkilərin ikinci dövrəsi keçirilməlidir”. Bu məlumatı “Frankfurter Allgemeine Zeitunq” qəzetinin Ermənistanda prezident seçkilərini müşahidə edən nümayəndəsi qəzetin 21 fevral tarixli nömrəsində dərc etdirmişdir.
Qəzet yazır ki, “Ermənistanda şəffaf demokratik prezident seçkilərindən söhbət belə gedə bilməz. ATƏT-in seçkiləri müşahidə edən nümayəndələrinin və 200-dən artıq beynəlxalq müşahidəçinin də təsdiq etdiklərinə görə, seçki məntəqələrində minlərlə bülleten əvvəlcədən Koçaryanın lehinə hazırlanaraq qutulara salınmışdır”.
“Seçkiləri şəffaf keçirmək üçün Ermənistanın ixtiyarına yeni demokratik seçki qanunu verilmişdir. Bu qanuna riayət edərək, təmiz seçkilər keçirmək lazım idi” - deyən ATƏT-in nümayəndələri və Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə edən qrupunun başçısı lord Rassel Conston seçkilərin ikinci dövrəsinin keçirilməsinin labüdlüyünü təsdiqləmişlər.
“Süddeutsche Zeitunq” qəzeti də Ermənistanda prezident seçkilərinin Koçaryanın lehinə saxtalaşdırılması haqqında məlumat dərc etmişdir. Qəzet yazır: “Avropa Şurası və ATƏT Ermənistanda seçki məntəqələrinin fəaliyyətində ciddi qanunsuzluqlar aşkar etmişdir və Mərkəzi Seçki Komissiyası seçkilərin ikinci dövrəsini keçirməyə məcburdur. Bu ona dəlalət edir ki, Koçaryan öz ölkəsində də artmaqda olan ciddi müqavimətlərlə üzləşmişdir... Yəqin ki, 48 yaşlı Koçaryan bu müxalifət maneəsini də dəf edəcəkdir. 1999-cu ildə prezidentliyinin birinci ilində olduğu kimi. O zaman parlamentdə 8 siyasi xadimin həyatına qəsd edilərkən də prezident Koçaryan ölkəyə rəhbərlik sükanını əldən verməmişdir... Dağlıq Qarabağda doğulmuş qatı millətçi Koçaryan Qarabağı Azərbaycandan ayırmaq uğrunda mübarizə hərəkatına rəhbərlik etmişdir. Ermənistan prezidenti kimi, indi də beş ildir ki, Qarabağda qoyub getdiyi irsini də idarə edir. Qarabağ münaqişəsi indiyədək öz həllini tapmamışdır. Beynəlxalq hüquq normalarının əksinə olaraq, Koçaryan əzəli Azərbaycan torpağını geri qaytarmağa tələsmir. Amma bunun Ermənistan üçün acı nəticələri də məlumdur: iqtisadi cəhətdən qonşuları Türkiyə və Azərbaycandan təcrid olunmuş Ermənistan hazırda Avropanın ən yoxsul ölkəsinə çevrilmişdir”.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin