ALMANİYADA MƏHƏMMƏD PEYĞƏMBƏR HAQQINDA ƏN YAXŞI BƏDİİ ƏSƏR MÜSABİQƏSİ ELAN OLUNMUŞDUR
Əsərdə Məhəmməd Peyğəmbərin müqəddəs həyatı və xasiyyətinin hər bir müsəlman üçün örnək olan nəcib xüsusiyyətləri dolğun əksini tapmalıdır.
Bu, Almaniyada yaşayan İslam tərəfdarlarının müsəlmanlar barəsində böhtanlarla mübarizəyə sivil qaydada və yaradıcılıqla yanaşdıqları ilk tədbir deyildir.
Belə bir müsabiqənin təşkili Qərb mətbuatında Məhəmməd Peyğəmbərə karikaturalar dərc edilməsinə cavab kimi düşünülmüşdür.
Almaniya Müsəlmanları Mərkəzi Şurasının müraciətində deyilir: “Biz bütün yaşlardan olan dindaşlarımızı müsabiqəmizdə iştirak etməyə çağırırıq. Müsabiqədən məqsəd Məhəmməd Peyğəmbərin nümunəvi və müqəddəs həyatı haqqında həqiqəti göstərməkdir”.
Müsabiqə iştirakçıları öz pyesləri, şeirləri, hekayələri və mahnılarında bütün Almaniyaya Məhəmməd Peyğəmbərin həyat və işləri barədə həqiqəti danışacaq, kütləvi informasiya vasitələrində yer alan İslama nifrət stereotipinin və böhtanların əsassızlığını göstərəcəklər.
Dekabrda yekun vurulacaq müsabiqənin qalibləri Səudiyyə Ərəbistanına həcc ziyarətinə getmək üçün vəsiqələr alacaq, habelə İstanbulda İslam təhsili proqramlarında iştirak edəcəklər.