Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramlarına əsasən ölkənin universitetlərində magistratura təhsili alan, elmi tədqiqat işi aparmaq imkanı əldə edən Azərbaycan gənclərinin böyük qrupu Boxum şəhərindəki Rur Universitetində təşkilatlanmışdır. Onların yaratdıqları Azərbaycan Akademik Birliyi ölkəmizi, onun xalqını, dilini, mədəniyyətini tanıtmaq, Almaniyada təhsil alan tələbələrimizə mənəvi yardım göstərməyi qarşısına məqsəd qoymuşdur. Azərbaycan Akademik Birliyindən
AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Rur Universitetinin şərqşünaslıq fakültəsi arasında əldə olunmuş razılığa əsasən, 2003-cü ilin qış semestrindən başlayaraq, orada həftədə iki saat Azərbaycan dili tədris olunacaqdır. Fakültənin müəllim və tələbələri Azərbaycan dilinin zənginliyini, onun vasitəsilə Şərqin çox ölkələri və xalqlarının tarixi, mədəniyyəti, ədəbiyyatı ilə daha yaxından tanış olmağın mümkünlüyünü nəzərə alaraq, bu dilin tədrisini dəstəkləməyə hazır olduqlarını bildirmiş, dərslərin aparılmasını Azərbaycan Akademik Birliyinin fəal üzvü, Rur Universitetinin dilçi magistri Ulduz Əkbərovaya həvalə etmişlər.
Ulduz Əkbərova demişdir ki, məqsədimiz Azərbaycan dilinə marağı olan əcnəbi dilçi mütəxəssislərə danışıq dilini öyrətməkdən ibarətdir. Tədris Azərbaycan Akademik Birliyinin tərtib etdiyi xüsusi proqrama əsasən aparılacaqdır. Qrammatik çalışmalara dair materiallarda Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyati, incəsənəti, etnoqrafiyası ilə tanışlığa da xüsusi yer veriləcəkdir.
Rur Universitetinin şərqşünaslıq fakültəsində Azərbaycan dilinin tədrisi bu il oktyabrın 17-də başlanacaqdır.