Almanlar yanacaq üçün Polşa və digər qonşu ölkələrə üz tuturlar
Varşava, 25 oktyabr, AZƏRTAC
Avropa ölkələrində, xüsusilə də Almaniyada yanacağın qiymətinin rekord həddə çatması “yanacaq turizmi” fenomeninin yenidən gündəmə gəlməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, Almaniyada benzin son səkkiz ildə, dizel isə tarixdə ən yüksək qiymətə çatıb. Dünya bazarlarında karbohidrogen məhsullarının qiymətinin bu həddə çatması qarşıdakı qış mövsümündə istehlakçıları daha ehtiyatlı olmağa vadar edir. Bu səbəbdən də sərhədyanı ərazilərdə yaşayan əhali yanacaq üçün qonşu Polşaya, eləcə də Avstriya, Çexiya və Lüksemburqa üz tuturlar. Hazırda Polşada yanacağın qiyməti Almaniya ilə müqayisədə 40-50 sent arası ucuzdur və bu fərqi nəzərə alan istehlakçılar uzaq məsafə qət edərək yanacaq dalınca qonşu ölkəyə gedirlər.
Hazırda Polşada bir litr dizelin orta qiyməti 1,27 avro, super markalı benzinin qiyməti isə 1,30 avrodur. Vəziyyət bu cür davam edərsə, Almaniya ilə sərhəddəki yanacaqdoldurma məntəqələrinin önündə tıxaclar daha da artacaq. Almanlar üçün Polşadakı yanacaq qiymətləri sərfəli olsa da, əhalisinin gəlir səviyyəsi aşağı olan Polşada avtomobil istifadəçiləri qiymətlərin yüksək olmasından narazıdırlar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava