Altmış altı yaşlı keçmiş hakim: Düşünürəm ki, vəkil kimi faydalı ola bilərəm
Bakı, 13 may, AZƏRTAC
Altmış altı yaşında Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuşam. Hüquqşünas kimi uzunmüddütli iş təcrübəsi olan bir şəxs, eləcə də insan hüquq və azadlıqlarının müdafiəçisi kimi vəkilliyi yüksəksəviyyəli peşə olaraq qəbul edirəm. Bundan sonra müstəqil vəkil kimi fəaliyyət göstərəcəyəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında bu gün Vəkillər Kollegiyasına üzv qəbul edilən Cavid Hüseynov bildirib.
Bundan əvvəl iyirmi ilə yaxın müddətdə hakimlik etdiyini deyən C. Hüseynov deyib ki, vəkil kimi missiyasının məsuliyyətini dərk edir:“İlk növbədə, arzu edirəm ki, ümumiyyətlə, qanun pozuntusuna yol verilməsin. Amma cəmiyyət olan yerdə qanun pozuntusuna da yol verilir. Belə anlarda vəkilə ehtiyac olur. Cəmiyyətimiz, insanlarımız vəkillərin sayəsində hüquqlarının qorunacağına, təmin olunacağına inanırlar. Belə də olmalıdır”.
Hakim kimi peşəsini layiqincə yerinə yetirməyə çalışdığını qeyd edən C. Hüseynov bildirib: “Düşünürəm ki, vəkil kimi xalqa,cəmiyyətə faydalı ola bilərəm. Ömür vəfa edərsə, bu missiyamı, vəzifəmi layiqincə yerinə yetirəcəyəm. Bu gün and içən vəkillərə, eyni zamanda, bütün hüquq elitasına müvəffəqiyyət arzulayıram".
Xatırladaq ki, bu gün daha 64 nəfər Vəkillər Kollegiyasına üzv qəbul olunub. Bununla bağlı keçirilən andiçmə mərasimində bildirilib ki, namizədlər sırasında əvvəllər hakim işləmiş 6 namizəd də yer alıb.