AMEA-da aparılan islahatların əsas istiqamətlərindən biri elmi idarəetmədə müasir yanaşmaların tətbiqidir
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair hesabat dinləmələrinin iyunun 10-dan iyulun 3-dək keçirilməsi nəzərdə tutulur.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri bildirib. Onun sözlərinə görə, son illərdə AMEA-da aparılan islahatların əsas istiqamətlərindən biri elmi fəaliyyətin nəticəyönümlü olmasının artırılması, hesabatlılıq və şəffaflıq mexanizmlərinin gücləndirilməsi və elmi idarəetmədə müasir yanaşmaların tətbiqidir. Bu baxımdan yarımillik hesabatlar yalnız inzibati proses deyil, həm də elmi müəssisələrin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynayır. Sərxan Xavəri qeyd edib ki, hesabat iclaslarında AMEA Rəyasət Heyəti Aparatının və elmi bölmələrin məsul əməkdaşlarının iştirakı qiymətləndirmə prosesinin obyektivliyini artırmaqla yanaşı, elmi müəssisələrlə Rəyasət Heyəti arasında əlaqələrin gücləndirilməsinə və mövcud problemlərin birbaşa müzakirəsinə imkan yaradır. Cari hesabat dövrünün yeniliklərindən biri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda pilot layihə kimi hesabatların bal sistemi əsasında aparılmasıdır. Bu yanaşmanın məqsədi elmi fəaliyyətin qiymətləndirilməsində obyektivliyin artırılması və nəticələrin ölçülə bilən göstəricilər əsasında təhlil edilməsidir.
Alim pilot layihənin nəticələrinin gələcəkdə AMEA-nın digər elmi müəssisələrində də tətbiqi üçün mühüm təcrübə rolunu oynayacağını vurğulayıb.