AMEA Kimya Elmləri Bölməsinin növbəti büro iclası keçirilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA Rəyasət Heyətində akademiyanın Kimya Elmləri Bölməsinin (KEB) növbəti büro iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, iclasda bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.
Tədbirdə AMEA-nın müxbir üzvü Akif Əzizov ARDNŞ-in Elm Fondunun 2012-ci il üçün qrant müsabiqəsinin qalibi olmuş “CO2 və H2O-nun karbohidrogenlərə birgə termokatalitik çevrilməsi” layihəsi ilə əlaqədar məruzə ilə çıxış etmişdir.
Qrant müsabiqəsinin qalibi olmuş “J.G.Speitin “Neftin kimyası və texnologiyası” kitabının 954 səhifədən ibarət olan 4-cü nəşrinin (2006-cı il) ingilis dilindən Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi haqqında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasovun məruzəsi dinlənilmişdir.
Sonra məruzələr ətrafında müzakirələr aparılmışdır.
İclasda AMEA-nın Neft-Kimya Prosesləri və Mikrobiologiya institutlarının neft biotexnologiyası sahəsində birgə işlərin proqramı da müzakirə olunmuşdur.
Sonda bir sıra kadr məsələlərinə də baxılmışdır.