AMEA-nın Biofizika İnstitutu Bakı Dövlət Universiteti ilə əlaqələr qurur
Bakı, 15 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda olublar.
Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Qasımov rəhbərlik etdiyi müəssisə, onun fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib. Professor, həmçinin institutun laboratoriyalarında müasir avadanlıqlarla görülən tədqiqat işlərindən, əldə olunan nailiyyətlərdən bəhs edib.
Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun nəzəri fizika şöbəsinin müdiri, professor Niftalı Qocayev çalışdığı şöbənın molekulyar biofizika və atom və molekulların kvant mexanikası laboratoriyaları əsasında yaradıldığını bildirib, burada zülal və peptid molekullarının struktur analizi üzrə aparılan tədqiqatlardan danışıb.
Görüşdə tərəflər arasında birgə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub.