ELM VƏ TƏHSİL
AMEA-nın müxbir üzvünün biblioqrafik göstəricisi nəşr olunub
![AMEA-nın müxbir üzvünün biblioqrafik göstəricisi nəşr olunub](/files/2022/3/1200x630/16655786624555851638_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika elmləri doktoru, professor Məsumə Məmmədovanın həyat və fəaliyyətinə dair mənbələri özündə əks etdirən biblioqrafik göstərici nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan, alimin 70 illik yubileyinə həsr edilmiş kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaktoru isə Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovadır.
Biblioqrafik göstəricidə alimin həyatı, elmi-pedaqoji fəaliyyəti və əsərləri - kitab, elmi məqalələr, çap olunmuş məruzələr, rəhbərlik və opponentlik etdiyi dissertasiyalar və s. haqqında məlumatlar yer alıb.
Nəşrdə, həmçinin AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədovanın elmi və pedaqoji fəaliyyəti haqqında qısa oçerk öz əksini tapıb.
Kitab informasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, gənc tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.