AMEA-nın Naxçıvan bölməsində 6 ayın yekunları müzakirə edilmişdir
Bakı, 11 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2012-ci ilin birinci yarısında bölmənin fəaliyyətinin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaqda bölmənin sədri, akademik İsmayıl Hacıyevin məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, cari ilin birinci yarısında bölmə əməkdaşlarının 1 kitab, 4 mоnоqrafiya, 299 məqalə, 11 tezis və 9 buklet olmaqla, 324 elmi əsəri işıq üzü görmüşdür. Bunlardan 147 əsər beynəlxalq indeksli jurnallarda, 80 məqalə, 10 tezis isə xaricdə dərc edilmişdir.
Bəhs olunan dövrdə bölmənin 22 əməkdaşı Tokio, Vyana, Ağrı, Kislovodsk, Aşqabad, Sofiya, Barnaul, Tuzluca, Sankt-Peterburq, İstanbul, Ordu, Qars, Ərzurum və digər şəhərlərdə 18 beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış etmişlər.
İlin birinci yarısında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri müsabiqəsinə 3 layihə təqdim edilmiş və hər üç layihə uğur qazanmışdır.
İ.Hacıyev bildirmişdir ki, bu ilin birinci yarısında bölmədə 262 nəfər əməkdaş çalışmışdır. Onlardan 96 nəfəri elmi işçidir. Hazırda AMEA-nın Naxçıvan bölməsində 2 nəfər akademik, 4 nəfər müxbir üzv, 6 nəfər elmlər doktoru, 52 nəfər fəlsəfə doktoru fəaliyyət göstərir.
Qeyd olunan dövrdə bölmə əməkdaşlarından 3 nəfər fəlsəfə doktoru dissertasiya işini uğurla müdafiə etmiş, 1 nəfərin isə elmlər doktoru dissertasiyası müdafiəyə təqdim olunmuşdur. Bölmədə fəaliyyət göstərən Dissertasiya Şurasında “Vətən tarixi” ixtisası üzrə 4 fəlsəfə doktoru, 1 elmlər doktoru, “Elm və texnikanın tarixi” ixtisası üzrə 1 fəlsəfə doktoru, “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (makroiqtisadiyyat)” ixtisası üzrə 1 fəlsəfə doktorunun dissertasiyalarının müdafiəsi keçirilmişdir.
Sonra ayrı-ayrı institutların rəhbərləri çıxış etmişlər.