AMEA-nın Şəki Regional Elmi Mərkəzində konseptual turizm modeli təqdim edilib
Bakı, 25 sentyabr, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının növbəti iclasında Bitkilərin müxtəlifliyi və genefond şöbəsinin rəhbəri biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov konseptual turizm modelini təqdim edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Fərhad Əzizov qeyd edib ki, təqdim etdiyi model Azərbaycanda turizmin inkişafı ilə bağlı Dövlət Proqramı, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları, habelə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qəbul edilmiş qərar və sənədlərin əsas müddəaları nəzərə alınmaqla hazırlanıb.
Təqdimat zamanı regionun təbii və bioloji müxtəlifliyindən, mövcud resurslardan səmərəli istifadə imkanlarından və onların turizm potensialının inkişafında rolundan bəhs olunub. Konseptual modeldə turizmin inkişafının yalnız istirahət və səyahət imkanlarının genişləndirilməsi ilə məhdudlaşmaması, eyni zamanda, regionun təbii, elmi, mədəni və sosial-iqtisadi resurslarının kompleks şəkildə dəyərləndirilməsi nəzərdə tutulub.
Təqdim edilən modeldə təbiətə əsaslanan turizm, elmi-maarifləndirici turizm və yerli resursların turizm dövriyyəsinə cəlb edilməsi istiqamətlərinin inkişaf etdirilməsi imkanları diqqətə çatdırılıb. Eyni zamanda, belə layihələrin həyata keçirilməsinin region əhalisinin məşğulluğuna və yeni iqtisadi imkanların yaradılmasına töhfə verə biləcəyi qeyd olunub.
İclasda Landşaftşünaslıq şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli turizmin inkişafı ilə bağlı təkliflərini səsləndirib. O, Şəkinin zəngin tarixi-mədəni irsinin turizm imkanlarının genişləndirilməsində daha fəal istifadəsinin vacibliyini qeyd edib. Bu baxımdan, Şəki xanları – Çələbi xan, Hüseyn xan Müştaq, Məhəmmədhəsən xan və Səlim xanın heykəllərinin Xan Sarayının ətrafındakı ərazilərdə yerləşdirilməsini təklif edib. Bildirib ki, belə bir təşəbbüs Şəki xanlığının tarixi şəxsiyyətlərinin tanıdılmasına, şəhərin tarixi-mədəni simasının zənginləşdirilməsinə və turistlər üçün yeni maraq obyektlərinin formalaşdırılmasına xidmət edə bilər. Eyni zamanda, heykəllərin yerləşdirildiyi məkanların müvafiq məlumat lövhələri və tarixi məlumatlarla təmin olunmasının ziyarətçilərin Şəkinin tarixi haqqında daha ətraflı məlumat əldə etməsinə imkan yaradacağı vurğulanıb.
Təkliflər ətrafında fikir mübadiləsi aparılıb və onların turizm konsepsiyası çərçivəsində dəyərləndirilməsi məqsədəuyğun hesab olunub.