AMEA-nın Şəki Regional Elmi Mərkəzinin hesabatı təsdiqlənib
Bakı, 25 yanvar, AZƏRTAC
AMEA-nın Rəyasət Heyətinin yanvarın 25-də keçirilən növbəti iclasında akademiyanın Şəki Regional Elmi Mərkəzinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair bu qurumun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlünün hesabat məruzəsi dinlənilib.
AZƏRTAC xəbər verir ki, məruzədə ötən il Şəki Regional Elmi Mərkəzinin fəaliyyətində Azərbaycan Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramlarının, AMEA Rəyasət Heyətinin qərarlarının, AMEA rəhbərliyinin sərəncamlarının əsas götürüldüyü vurğulanıb.
Bildirilib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndəki tapşırıqların icrası üzrə AMEA-nın Tədbirlər Planına uyğun olaraq “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na dair yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin, yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması istiqamətlərində tədqiqatlar davam etdirilib.
Y.Şükürlü tut ipəkqurdunun yeni yaradılmış, məhsuldar 2 cins və 2 hibridinin Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edildiyini diqqətə çatdırıb.
AMEA-ya məxsus üç hektar təcrübə sahəsində Çindən gətirilmiş 15 min tut tingindən ibarət plantasiya salındığını deyən alim bildirib ki, həmin tinglərdən götürülən qələm materialı əsasında 3 min tut tingi yetişdirilib. Məruzəçi Bolqarıstandan gətirilmiş süni yemlə bəslənən 3 tut ipəkqurdu hibridi və tut yarpağı ilə bəslənən 2 rayonlaşdırılmış cins üzərində müqayisəli tədqiqatların yerinə yetirildiyini əlavə edib.
Mühüm nəticələr haqqında məlumatları diqqətə çatdıran mərkəzin rəhbəri hesabat ilində yeni istiqamətlər üzrə təsdiq edilmiş iş planlarına uyğun olaraq 8 şöbədə 8 mövzu daxilində tədqiqat işlərinin yerinə yetirildiyini deyib. Vurğulayıb ki, hesabat ilində mərkəz əməkdaşlarının 4-ü xaricdə olmaqla 30 məqaləsi, 7-si xaricdə olmaqla 23 tezisi dərc olunub. Alimlərin 16 beynəlxalq konfransda iştirak etdiyini söyləyən Y.Şükürlü xarici, eləcə də impakt faktorlu jurnallarda əsərlər dərc olunduğunu əlavə edib.
Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə hesabat təsdiq olunub, alınmış mühüm nəticələr AMEA-nın illik hesabatına daxil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.