AMEA-nın xatirə nişanları təsis olunub
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın xatirə nişanlarının təsis edilməsi haqqında məsələ müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksəksəviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları təsis edilib və əsasnamələri təsdiq olunub.
Ötən müddət ərzində əsasnamələrin tələblərinə uyğun olaraq hər il adlı mükafatlar üçün müsabiqə elan olunub, müvafiq elm sahələrini təmsil edən görkəmli alimlər mükafatlandırılıb.
Rəyasət Heyəti adlı mükafatların nüfuzunun daha da artırılması, həmçinin mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə AMEA-nın adlı mükafatlarının xatirə nişanları ilə əvəz edilməsini məqsədəuyğun hesab edib. Beləliklə, "Tibb sahəsi üzrə akademik Mirəsədulla Mirqasımov", "Tibb sahəsi üzrə akademik Mustafa Topçubaşov", "Tibb sahəsi üzrə akademik Zərifə Əliyeva", "Kimya sahəsi üzrə akademik Yusif Məmmədəliyev", "Kimya sahəsi üzrə akademik Murtuza Nağıyev", "İncəsənət sahəsi üzrə akademik Üzeyir Hacıbəyli", "Memarlıq və incəsənət sahəsi üzrə akademik Mikayıl Useynov", "Ədəbiyyat, poeziya sahəsi üzrə akademik Səməd Vurğun", "Geologiya sahəsi üzrə akademik Musa Əliyev, "Torpaqşünaslıq və coğrafiya sahəsi üzrə akademik Həsən Əliyev", "Riyaziyyat sahəsi üzrə akademik Zahid Xəlilov", "Neft sahəsi üzrə akademik Azad Mirzəcanzadə", "Fizika sahəsi üzrə akademik Həsən Abdullayev", "Kompüter elmləri sahəsi üzrə professor Lütfi Zadə" xatirə nişanları təsis edilib.
Bundan başqa, AMEA-nın təsis edilməsinə həsr olunmuş xatirə nişanı və elmin inkişafına dəstək verən şəxslərə təqdim edilmək üçün AMEA-nın xüsusi xatirə nişanı təsis olunub.