AMEA Yer Elmləri Bölməsi Elmi şurasının iclasında Xəzər dənizinin dayazlaşması problemi müzakirə edilib
Bakı, 23 noyabr, AZƏRTAC
AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin sədrliyi ilə Yer Elmləri Bölməsi Elmi şurasının növbəti iclasında Xəzər dənizinin dayazlaşması, bu prosesin səbəbləri, yaranmış müxtəlif aspektli problemlər müzakirə olunub.
Geologiya və Geofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, iclasda akademik İbrahim Quliyev Xəzər dənizinin səviyyə dəyişmələri ilə bağlı proseslərin Xəzərətrafı ölkələrin siyasi və iqtisadi perspektivlərinə birbaşa təsir etdiyini, Xəzər Konvensiyasının sonrakı dövlət müqavilələrinin çoxtərəfli elmi əməkdaşlıq üçün imkanlar açdığını vurğulayıb.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Əmir Əliyev “Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər və nəticələr”, akademik Fəxrəddin Qədirov “Xəzər dənizi və ətraf ərazilərin geodinamik şəraitinin monitorinqi” mövzularında məlumat veriblər.
Elmi məlumatlar ətrafında müzakirələrdə Şuranın üzvləri - akademik Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvləri Qurban Yetirmişli və Rauf Qardaşov, professorlar Pərviz Məmmədov, Qalib Əfəndiyev, Bağır Süleymanov, həmçinin digər alim və mütəxəssislər iştirak ediblər.
Alimlər Xəzər dənizində seysmik və tektonik proseslərin öyrənilməsinə yönəlmiş fənlərarası müasir elmi tədqiqatların aparılmasını, səviyyə dəyişkənliyi ilə bağlı zərərin azaldılmasına yönəldilmiş adaptasiya tədbirlərinin hazırlanmasının, müvafiq elmi kadrların yetişdirilməsinin, elmi tədqiqatlarda yeni müasir metodlardan, peyk şəkillərindən, kosmik zondlama üsullarından, həmçinin müasir texnoloji və seysmoloji şəbəkə məlumatlarından geniş istifadə olunmasının zəruriliyini qeyd ediblər.
Elmi şurada müzakirə olunan məsələ ilə bağlı təklif və tövsiyələrin hazırlanıb Elm və Təhsil Nazirliyinə və AMEA Rəyasət Heyətinə təqdim olunması barədə qərar qəbul olunub.