AMERİKA KONQRESİNDƏ 2003-CÜ MALİYYƏ İLİ BÜDCƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLANMIŞDIR
İyulun 18-də Senatın Təxsisatlar komitəsi 2003-cü maliyyə ilində yeni müstəqil dövlətlərə 765 milyon dollar məbləğində yardım ayrılması haqqında qərar qəbul etmişdir. Bu çərçivədə Ermənistan üçün 90 milyon dollardan az olmayaraq, Gürcüstana 87 milyon dollar, Azərbaycana isə 46 milyon dollar ayrılması nəzərdə tutulur. Azərbaycana ayrılacaq vəsaitin, 907-ci düzəliş nəzərə alınaraq, altı istiqamət üzrə xərclənməsini nəzərdə tutan maddələr bu il də layihədə qalmaqdadır. Lakin ötən illərdən fərqli olaraq, bu maddələr formal xarakter daşıyır. Çünki 907-ci düzəlişin qüvvəsi dayandırıldığından Azərbaycana ayrılan vəsaitin sərf edilməsinə məhdudiyyət olmamalıdır. ABŞ hərbi yardım sahəsində Azərbaycan və Ermənistana “eyni yanaşma” siyasətini davam etdirərək, “Xarici hərbi maliyyə” və “Beynəlxalq hərbi təhsil və təlim” proqramları üzrə hər iki ölkəyə 3,75 milyon dollar vəsait ayırmaq niyyətindədir.
Hökumət rəsmiləri 907-ci düzəlişin qüvvəsinin 2003-cü ildə də dayandırılacağına nikbinliklə baxırlar. Antiterror mübarizəsində Azərbaycanın dəstəyindən tam razı qalan ABŞ gələn il də 907-ci düzəlişin qüvvəsinin dayandırılması üçün heç bir problem görmür. Bu isə erməni lobbisinin böyük narahatlığına səbəb olmuşdur.
Senatın Təxsisatlar komitəsi Türkiyəni Qars-Gümrü dəmir yolu açmağa çağırmışdır. Qanunvericilərin fikrincə, bu addım ABŞ-ın beynəlxalq terrorizmlə mübarizəsinə, habelə Türkiyə və Ermənistanın iqtisadi inkişafına kömək edə bilər.
Xatırladaq ki, qanun layihəsi Senatda və Nümayəndələr palatasında təsdiqlənməlidir. Nümayəndələr palatasında layihəyə sentyabr ayında baxılacağı gözlənilir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton