Amsterdamda Azərbaycan Bayrağının Xankəndidə ucaldılması münasibətilə poçt markası buraxılıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Niderland Krallığının Amsterdam şəhərində Azərbaycanın Xankəndi şəhərində şanlı Azərbaycan Bayrağının dalğalandırıldığını əks etdirən poçt markaları çap edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Amsterdamda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində “Qarabağ Azərbaycandır!” və “Xankəndi” sözləri yazılıb.
Markalar Niderlandın rəsmi poçt rabitəsinin “PostNL” milli operatoru tərəfindən çap edilib.
Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltmasına yerli ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə həyata keçirilib.
Qeyd edək ki, indiyədək “Azərbaycan inciləri” layihəsi çərçivəsində Amsterdamda “Heydər Əliyev-100”, “Xarıbülbül”, “Şuşa”, “Nizami Gəncəvi-880”, “Üzeyir Hacıbəyli”, “Fikrət Əmirov”, “Cövdət Hacıyev”, “Əminə Dilbazi”, “Rəşid Behbudov”, “İsmayıl Şıxlı”, “Sakit Məmmədov”, “Albert Aqarunov”, “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.