CƏMİYYƏT
“Ana südü ilə qidalandırmağa doğru on addım” adlı layihə uğurla davam etdirilir
Bakı, 23 avqust, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə TƏBİB nəzdində doğuşa yardım xidmətini həyata keçirən müəssisələrdə “Ana südü ilə qidalandırmağa doğru on addım” adlı layihə uğurla davam etdirilir.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, layihə çərçivəsində 2022-ci ilin fevral, mart aylarında təlimçilərdən ibarət 10 nəfərlik qrup tərəfindən 15 tibb müəssisəsində 300-dən çox tibb işçisinin iştirakı ilə təlimlər keçirilib. Aprel, may və iyun aylarında keçirilən təlimlərin monitorinqləri edilib və nəticələr haqqında yekun müzakirələr aparılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda ana südü ilə qidalandırmada mövcud problemləri aradan qaldırmaq, ana südü ilə qidalandırmanın mühafizəsi, təşviqi və dəstəklənməsi, tibb müəssisələrində süni qida məhsullarının verilməsinə son qoymaq, süni qidaların ana südünə nisbətdə fərqini tibbi heyətə çatdırmaq və ana südü ilə qidalanan uşaqların sayını artırmaqdan ibarətdir.