Anaların uşağın inkişafına vaxtında dəstək verməsi vacibdir
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ictimai səhiyyə və humanitar sahədə yerli hökumət, qeyri-hökumət təşkilatları (QHT), özəl təşkilatlarla əməkdaşlıq çərçivəsində regional mərkəzlər və yerli bölmələr vasitəsilə əhali arasında geniş səhiyyə maarifi işi təşkil edir. Cəmiyyət “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin könüllüləri üçün seminar keçirib.
Bu barədə AZƏRTAC-a cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.
Seminarda cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova uşaq sağlamlığı, eləcə də analara uşağın inkişafına vaxtında diqqət və dəstək verilməsinin əhəmiyyəti barədə danışıb. Qeyd edilib ki, uşağın inkişafında olan çətinliklərin vaxtında aradan qaldırılması nəticəsində gələcəkdə əlilliyin qarşısını almaq mümkündür.
Aktual mövzuda olan seminarı tələbələr maraqla dinləyiblər.