ANAMA: Ağdam rayonunun Zəngişalı kəndi ərazisində minaatan mərmiləri aşkar olunub
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-da saat 15:44-də Daxili İşlər Nazirliyinin “102” Zəng Xidməti Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Zəngişalı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Ağdam Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd İran istehsalı 81 millimetrlik minaatan mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əməliyyat-axtarış tədbirləri növbəti gün davam etdiriləcək.