ANAMA mütəxəssisləri Sumqayıt ərazisində 3 ədəd mərmi tapıblar
Bakı, 30 mart, AZƏRTAC
Martın 29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Beton zavod adlanan ərazidə mərmi tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamış top mərmisi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən martın 29-dək Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 7 otlaq sahəsinə, su kanalına, kənd qəbiristanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 2398 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 28 815 kvadratmetr ərazi yoxlanılıb.