ANAMA-nın yeni müdavimlərinə “İlk tibbi yardım” kursu keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yeni müdavimlərinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan müəssisələrin həkimləri tərəfindən “İlk tibbi yardım” kursu keçirilib.
İşğaldan azad edilmiş Qarabağda aparılan mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarının genişləndirilməsinin davamı olaraq Minatəmizləmə Agentliyi tərəfindən yeni müdavimlərin əməliyyatlara cəlb edilməsi istiqamətində fəaliyyət icra olunur.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində daha bir faydalı əməkdaşlıq TƏBİB ilə reallaşdırılır.
ANAMA-nın peşə xüsusiyyətlərinə nəzərən, bu kimi kurslar sahədə fəaliyyət göstərən minaaxtaranların ilk tibbi yardım vərdişlərinin formalaşdırılması istiqamətində həyati əhəmiyyət kəsb edir.
Təlimdə agentliyin yeni əməkdaşlarına mina hadisəsi baş verdikdə, günvurma hallarında, ilan və ya əqrəb sancmaları zamanı görüləcək zəruri tədbirlər və zərərçəkən şəxsin həyatı üçün təhlükə yaradan məqamların aradan qaldırılması məqsədilə bilik və bacarıqlar öyrədilib. Zərərçəkənin qısa müddət ərzində vəziyyətinin düzgün qiymətləndirilməsi, zəruri addımların atılması insan həyatının xilas edilməsinə xidmət edir.
Müharibənin partlayıcı qalıqları ilə mübarizədə agentliyin əməkdaşları beynəlxalq təcrübəyə əsaslanaraq təhlükəsizlik tədbirlərinə riayət etməlidir. Həmçinin zərurət qarşısında hər bir minaaxtaran xəsarətin növündən asılı olmayaraq ilk tibbi yardımın göstərilməsini bilməlidir. Mina və partlamamış hərbi sursatların növü və partlayış gücündən asılı olaraq zərərçəkən müxtəlif bədən xəsarətləri ala bilər, hadisə ölümlə də nəticələnə bilər.
Təlimdə yaraların düzgün və steril sarğılanması, qanaxmanın dayandırılması, süni tənəffüsün verilməsi, ürəyin qapalı masajı və digər zəruri tədbirlər üzrə nəzəri və praktiki biliklər aşılanır.
“İlk tibbi yardım” kursunun sonunda müdavimlər imtahanlara cəlb olunub. Bu günədək 477 nəfər ANAMA əməkdaşı TƏBİB tərəfindən keçirilən “İlk tibbi yardım” kursunda iştirak edib.
Qeyd edək ki, fəaliyyətini beynəlxalq minatəmizləmə standartlarına uyğun icra edən ANAMA əməliyyatların keçirildiyi hər bir tapşırıq sahəsində təcili yardım maşınları ilə təchiz olunub.