ANAMA yanvarda 470 ədəd partlamamış hərbi sursat və mina aşkarlayaraq zərərsizləşdirib
Bakı, 1 fevral, AZƏRTAC
Yanvarda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Göygöl, Qaradağ, Qazax, Sabirabad, Tovuz, Tərtər, Xızı rayonlarında və Bakı, Gəncə, Sumqayıt şəhərlərində ümumilikdə 1 milyon 230 min 79 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 463 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 5, tank əleyhinə 2 mina və müxtəlif çaplı 3937 patron aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyatlara 458 nəfər əməliyyat, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.
Yanvarda Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 4, Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətindən 15, Dövlət Sərhəd Xidmətindən (DSX) 5 və rayon polis şöbələrindən 1 müraciət daxil olub. Müraciətlərlə əlaqədar DİN, FHN, DSX və Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə 21 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağcabədi, Ağstafa, Füzuli, Göygöl, Xızı, Qazax, Qaradağ, Sabirabad, Tovuz rayonlarında, Bakı, Gəncə və Sumqayıt şəhərlərində 22 min 236 kvadratmetr ərazi yoxlanılıb, 50 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 3 mina, tank əleyhinə 1 mina və müxtəlif çaplı 3937 patron aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Ümumiyyətlə, agentliyin 21 ildən çox fəaliyyəti dövründə 542 milyon 459 min 167 kvadratmetr ərazi təmizlənib. Bu müddətdə 806 min 326 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
Ötən ay Qaradağ rayonu ərazisində mina hadisəsi qeydə alınıb, nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.